QİYMƏT ELASTİKLİYİNİ NƏZƏRƏ ALMAQLA OPTİMAL QİYMƏTİN SEÇİLMƏSİ

Bir çoxumuzun tanış olduğu tələbin qiymət elastikliyi məfhumu vacib iqtisadi anlayışlardan biri olsa da təcrübədə ondan ya yararlanmırıq ya da necə yararlanmaq olar bilmirik. Rəqabətdə ən sərt vasitələrdən biri qiymətdir, bunu hər yerdə oxuyuruq, amma nədənsə qiymət əmələgəlməyə elə də ciddi yanaşmırıq. Bir çox hallarda sahibkarlar qonşuya baxıb qiymət seçmə yolunu daha rahat görürlər və qiymət üzərində “baş sındırmaq” istəmirlər.

Bu yazımda qiymət əmələgəlmənin vacib elementlərindən biri olan qiymət elastikliyindən, onun qiymətlə münasibətindən danışacam və sadə məsələ üzərində elastikliyin nəzərə alınması ilə qiymətin seçilməsinə baxılacaq.

Adi desək, tələbin qiymət elastikliyi məhsulun / xidmətin qiyməti ilə tələb həcmi arasında olan asılılıqdır. Asılılıq tərs və düz mütənasib ola bilər. Məsələn, qiymət artdıqca tələb azala bilər və ya qiymət artıqca tələb arta da bilər (bu hal adətən lüks mallarda müşahidə edilir). Qiymət və tələb münasibətinə görə məhsullar həm elastik həm də qeyri-elastik olaraq bölünür. Məhsulun tək növünə görə deyil, elastiklik göstəricisinin dəyişməsi coğrafiyaya görə də fərqlənə bilir. Məsələn, bilirik ki, düyü Çin, Hindistan və s. kimi ölkələrdə kifayət qədər böyük həcmlərdə istehlak olunur və kino ziyarətləri daha çox qərb ölkələrində məşhurdur və s. Deməli Azərbaycanda düyünün qiymətində dəyişikliyin tələbə təsiri, Hindistanda təsiri dərəcəsində olmaya bilər. Elastikliyi formula olaraq aşağıdakı kimi göstərə bilərik,

Q – tələbin həcmi

P – qiymət

Tələb həcminin dəyişməsinin qiymət dəyişməsinə olan nisbəti “e” elastiklik əmsalını müəyyən edir. Tələbin qiymət elastikliyi əmsalının qiyməti adətən “-“ olur (lüks məhsullar istisna) və bu tərs mütənasiblik ilə bağlıdır. Elastiklik əmsalının qiyməti e = 0 olduqda elastiklik mövcud deyil, e = 0 – 1 olduqda qeyri elastiklik mövcuddur, e >= 1 olduqda elastiklik var kimi interpretasiya edilir. Adətən elastiklik olduqda əmsalın qiyməti 1 – 10 arasında dəyişir. İqtisadçıların araşdırmalarında bir çox məhsulların elastiklik göstəriciləri hesablanmışdır. Məsələn, duz – 0.1 (qeyri-elastik), kofe – 0.25 (qeyri-elastik), restoran xidməti – 2.3 (elastik), xaricə səyahət turu – 4 (elastik), avtomobil Ford compact – 2.8 (elastik)  və s. Dolayısı ilə desək, Ford avtomobilinin qiymətində 1% endirim tələb həcmini 2.8% artıra bilər (və ya əksinə). Elastiklik əsasən bazarda əvəzedici məhsulları olan əmtəələrə daha çox xasdır. Alternativləri olmayan məhsullarda elastiklik özünü demək olar ki, biruzə vermir. Düyü misalında məsələn bu belədir, qeyri-elastiklik mövcuddur.

İlkin əsas nəzəri məlumatın üzərindən təcrübəmizə artıq keçə bilərik. Zənn edək ki, “Play Station” və video oyunların ticarəti ilə məşğul oluruq. “Play Station” üzrə tələbin qiymət elastikliyi fərz edək ki, 1.5 dir (tarixi göstəricilər əsasında yuxarıdakı formula ilə hesablamışıq) və digər verilənlər aşağıdakı kimidir,

Verilib:

“Play Station” oyun vasitəsinin qiyməti – Pq = 850 AZN

Tələb həcmi – Qt = 1000 ədəd

Maya dəyərində vahid üzrə dəyişən xərc – Cx = 400 AZN

Tələbin qiymət elastiklik əmsalı  – e(p) = 1.5

Tələb əyrisi üzrə funksional asılılıq – y = a – qx, Xətti

__________________________________

Axtarılır – Pmax maksimum mənfəət verə biləcək optimal qiymət?

Bu məsələni həll etmək üçün Excel-də bütün verilənləri yuxarıda qeyd edildiyi qiymətlərlə cədvələ yerləşdirək.

Cədvəl 1. Verilənlər üzrə qiymətlər.

Növbəti addım olaraq verilənlər əsasında elastiklik üzrə xətdi funksiyanı müəyyən edək. Təsvir 1-də funksiyamızın y = -1,1765x + 2000 olması görünür.

Təsvir 1. Tələbin qiymət elastikliyi üzrə xətti asılılıq funksiyası.

Formulun köməyi ilə cədvəldə verilmiş məsələnin optimal həllini Excel vasitəsilə hesablayırıq, Cədvəl 2.

Cədvəl 2. Tələbin qiymət elastikliyindən asılı olaraq optimal qiymətin və həcmin müəyyən edilməsi.

Hesablama üzrə nəticədən gördüyümüz kimi verilmiş şərtlər daxilində maksimum mənfəət əldə etmək üçün qiyməti 850 AZN-dən 1050 AZN yüksəldəriksə həcm 765 ədədə düşəcək, lakin mənfəətimiz maksimum olacaq.

Fərz edək ki, “Play Station” oyun vasitəsi üçün əlavə oyun diskləri də satmaq istəyirik. Tamamlayıcı məhsul olaraq əsas məhsul ilə birlikdə qiymət yanaşması bəs necə olmalıdır? Qeyd edim ki, bir çox hallarda sahibkarlar ancaq hər məhsulun qiymətinə ayrılıqda yanaşırlar və ya tamamlayıcı məhsul potensialından düzgün istifadə etmirlər. Məsələn, ticarətçi kostyuma, qalstuka və köynəyə ayrı məhsullar kimi yanaşır və onlar arasında asılılıq düşünmədən bir-birindən təcrid edilmiş qiymət siyasəti həyata keçirir. Amma əsas məqsəd mənfəətin maksimum qazanılması olmalıdır. Qiymət və həcm tərs mütənasib olduğu üçün buna nail olmaq heç də həmişə asan olmur.

Verilənlərə əlavə olaraq aşağıdakı göstəriciləri hesablamaya daxil edək. Yəni deyək ki, Pg = 150 AZN qiyməti ilə Gn = 3 ədəd oyun diski də təklif edirik. Bir oyun diski üzrə mənfəətimiz 85 AZN-dir. Maksimum mənfəət əldə etmək üçün bu zaman əsas məhsul üzrə qiymətimiz aşağıdakı kimi dəyişə bilər.

Cədvəl 3. Tələbin qiymət elastikliyindən asılı olaraq tamamlayıcı məhsul əlavə etməklə optimal qiymətin və həcmin müəyyən edilməsi.

Hesablamadan gördüyümüz kimi 3 oyun diski alana “Play Station” oyun vasitəsini 923 AZN olmaqla təklif edə bilərik, bu zaman satış həcmi 915 ədəd olsa da mənfəətimiz maksimum olacaq.