ÖYRƏN, ARAŞDIR, TƏTBİQ ET. MARLAB KİMLƏR ÜÇÜNDÜR?

Nə üçün Marketinq və nə üçün MarLab? Əgər sual versən ki, nə üçün mən marketinqi öyrənməliyəm sənə cavabım belə olar; – sən bu sualı verə bilməzsən, çünki bloqu oxuyursansa demək ki, bu sahədə biliklərini artırmaq istəyən birisən. Ya da marketinqlə tanış olub qərarlaşmaq astanasındasan.  Elə isə əgər qərar verə bilmirsənsə fikirlərimi səninlə bölüşmək istərdim.

Hörmətli oxucum,

İllər ərzində tanış olduğum gənclər, tələbələr, bəzən mütəxəssislər və ümumiyyətlə öz həyatına biganə qalmayan insanlar Marketinq mənə nə qazandıracaq, bu sahə nə qədər mənə uyğundur və s. bu kimi suallara cavab axtarıblar, axtarmaqdadırlar. Bilirsən cavabım nə olub? Sən ilk öncə özünü tapmağı bacarmalısan. Sadəcə özünü müəyyən et, zövq aldığın fəaliyyətləri siyahıya düz və bax gör həvəsin hansı sahədə cəmlənir. Əgər incəsənəti hiss edirsənsə, dünya sirlərini öyrənməyə can atırsansa, qarşılaşdığın məfhumların mahiyyətinə varmadan keçə bilməyib əsaslandırma tapmağa cəhd edirsənsə, insanları kəşf edib onlarla ünsiyyətdən zövq alırsansa, ola bilsin ki, elə sənin axtardığın məhz Marketinqdədir.

Onunla ilk tanışlıq asan deyil, hətta deyərdim çox çətindir. Hər irəli atdığın kiçik addımlar səni geri dönüb baxmağa məcbur edir. Bəzən oxuduqların sənə inandırıcı gəlmir, sanki, mifdir deyib keçmək istəyirsən. Bəzən də qarşılaşdığın mövzu səni o qədər ilhamlandırır ki, əldə etdiyin məlumatları həmən dostlarınla, yaxınlarınla paylamaq istəyirsən. Bəzən isə öyrəndiklərini iş yerində tətbiq edə bilməyəndə çox məyus olursan. Marketinq sənə o zaman qazandırmağa başlayır ki, öz inadkarlığın və əzmin sayəsində geri addım atmırsan, bütün maneələri aşırsan. Marketinqə hakim olmağa başlayırsan və əldə etdiyin zirvəni özünü inkişaf etdirməklə əldən vermirsən.

Belə olduğu halda o sənə fərqli düşüncə qazandıracaq, zövqünü cilalayacaq, yaranan fürsətlərə sürətli reaksiya verməyin üçün həssaslığını artıracaq, həyata ağ və qara deyil daha rəngarəng baxış bucağı verəcək. Bir də etiraf edim ki, o sənin bütün zamanını alacaq, onunla tanışlıq çətin olduğu kimi ayrılıq da çox çətindir.

Lütfən, səmimi fikirlərimi hər hansı bir təlimə dəvət kimi qəbul etmə. MarLab (Marketinq Laboratoriyası) sadəcə bir platformadır. Bu təlim və konsultasiya platforması dinləyicilərə Marketinq sahəsində biliklərin sistemləşdirilməsinə dəstək olur. Öyrənmək, araşdırmaq və tətbiq etmək üçün sənə istiqamət verir. 2019-cu ildə yaradılan və ildə bir dəfə təşkil edilmiş MarLab-ın artıq 30 nəfərdən çox məzunu var. Sənə bir sirr açım. Bu platformada qeydiyyatdan keçənlərin sayı ilə təlimi bitirənlərin sayında tərs mütənasiblik olur. Bilirsən niyə? Çünki, ilk baxışda Marketinqlə tanışlığı asan bilib onunla görüşə tələsənlər fərqli həqiqətlə qarşılaşırlar. Xatırlayıram, məktəbli olanda mən özüm də riyaziyyatdan çəkindiyim üçün qeyri-dəqiq və ya daha çox nəzəri elmlərə yönəlirdim. Bilmirəm, bəlkə də tələsən dostlarımız da Marketinqdə riyaziyyatla qarşılaşacaqlarını gözləmirdilər. Bəs MarLab kimlər üçündür?

  • Özünü müəyyən edib sahə seçiminə əmin olanlar üçün
  • Bu sahədə sistemli və möhkəm bünövrə qurmaq istəyənlər üçün
  • Hesablamalardan qorxmayanlar üçün
  • Xarici markaların uğur hekayələrini google-dan özü oxuyub yerli təcrübəni öyrənmək istəyənlər üçün
  • Marketinq dilində savadlı danışmaq istəyənlər üçün
  • Müəllimin danışdığına sadəlövhcəsinə inanmayıb araşdırma qabiliyyəti olan iddialı mütəxəssislər üçün
  • Hər məqamda verilən məlumatların tətbiqini tələb edənlər üçün
  • Marketinqi elm olaraq təriflər səviyyəsində deyil üsul və metodlarını arzulayanlar üçün

Əziz oxucum, əgər sən bu xüsusiyyətlərə malik deyilsənsə bil ki, MarLab sənin üçün deyil. Dəyərli zamanını məsrəf etmə. Bloqumu izləməyi davam et, çalışacam yazılarım ilə sənə az da olsa faydalı olum.

Əgər nəhayət nəzəri mütaliədən tətbiqə, sistemsiz əzbərçilikdən sistemli qavramaya qərar verən və Marketinqlə sona qədər davam edəcək birisənsə, o zaman, MarLab haqqında əlavə məlumatla aşağıda tanış ola bilərsən.

ELAN:

Bakı Gənclər Mərkəzində “Marketinq Laboratoriyası- MarLab 3” üzrə qeydiyyat elan edilir!

3 ay ərzində davam edəcək təlim proqramı iştirakçılara marketinq üzrə fundamental, taktiki və strateji biliklərə yiyələnməyə imkan yaradacaq.

Bununla yanaşı, iştirakçılar sahə üzrə praktiki bacarıqlara yiyələnəcəklər. Təlimlər marketoloq Əli Bədəlov tərəfindən keçirilir (ətraflı https://alibadalov.com/haqqimda-3/ ).

İldə bir dəfə olmaqla təşkil edilən 6 aylıq Marketinq kursunun proqramı 3 aylıq formatda təqdim ediləcək.

Dərslər iştirakçı sayı 15 nəfər olmaqla həftədə 2 dəfə Çərşənbə və Cümə günləri (saat 19:00) 1.5 saat keçirilir.

Təlim ərzində dərslərin video görüntülü qeydiyyatı aparılır, dərsdən sonra dinləyicilərə dərs materialları və tapşırıqları ilə birlikdə təqdim edilir.

3 Moduldan ibarət olan təlim proqramına birbaşa 2-ci və 3-cü moduldan qəbul keçirilmir. 2-ci və 3-cü Modullara keçid üçün dinləyicilər test imtahanı verməlidir. 3-cü Modulun tamamında təlimdə öyrənilən biliyin tətbiqi ilə yeni biznes timsalında təqdimat tələb edilir. Dinləyicilərə bitirdiyi modula uyğun olaraq sertifikatlar təqdim edilir.

2019-cu ildən ildə bir dəfə təşkil edilən təlimlərdən artıq 30-dan artıq tələbə və mütəxəssis məzun olub.

Qeyd edək ki, hazırda 3-cü qrup üzrə qeydiyyat davam etməkdədir. Təlimə qoşulmaq arzusunda olan tələbələr və mütəxəssislər təlim proqramı ilə aşağıdakı linkdə tanış ola bilər. Həmçinin təlimə qeydiyyatdan keçmək üçün sorğu anketini doldurmaq zəruridir.

Təlim proqramı: https://docs.google.com/…/1xm2ikV1vEGnc9Ow8ePXl…/edit

Qeydiyyatdan keçin: https://forms.gle/1JSWitnZhFL3NTVV7

____________

Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 40/89, Heydər Əliyev adına istirahət parkının ərazisində (Sabunçu rayon İcra Hakimiyyəti ilə üzbəüz)

050 277 06 62

012 404 45 94

Əziz dostum, sıralarımızda səni görmək ümidi ilə,

Hörmətlə,

Əli Bədəlov